NƏĞMƏLƏR NƏĞMƏSİ
KİTABI
GİRİŞ
«Nəğmələr Nəğməsi» poetik kitab olub məhəbbət şeirlərindən ibarətdir. Kitabın baş qəhrəmanı qızdır. Burada əsasən qız oğlanla, oğlan qızla şeirlərlə deyişir. Bu şeirlərdə insan məhəbbətinin ecazkar qüvvəsindən bəhs edilir.
Məhəbbət insana Allah tərəfindən verilmişdir. Buna görə də Müqəddəs Kitaba «Nəğmələr Nəğməsi»nin daxil olması heç də təəccüblü deyil. Bu şeirlərin şərhi məcazi məna daşıyır. Bu məhəbbət nəğmələri yəhudilər tərəfindən Allahla xalqının münasibətlərinin əyani təsviri kimi şərh edilir. Məsihçilər isə bunu İsa Məsihlə imanlılar arasında olan münasibətlərin əksi kimi şərh edirlər.
Kitabın məzmunu:
1:1–2:7 Birinci nəğmə
2:8–3:5 İkinci nəğmə
3:6–5:1 Üçüncü nəğmə
5:2–6:3 Dördüncü nəğmə
6:4–8:4 Beşinci nəğmə
8:5-14 Altıncı nəğmə
1
* 1Pad. 4:32 Bu nəğmələr nəğməsi Süleymanındır.
Qız:
Qoy dodaqların məni öpdükcə öpsün,
Çünki eşqin şərabdan da yaxşıdır.
Vurduğun ətrin qoxusu nə gözəldir,
Adın belə, ətirqabıdan tökülən ətri xatırladır,
Ona görə qızların sevimlisi olmusan.
Bağrına bas məni, səninlə qaçaq,
Qoy padşah məni otağına aparsın.
Qızın rəfiqələri:
Səninlə sevinib biz şadlanarıq,
Şərabdan da artıq eşqinizi anarıq.
Qız:
Sənə heyran olanlar haqlıdır.
Ey Yerusəlimdəki qızlar,
Qedar çadırları tək,
Süleymanın pərdələri tək
Qaralsam da mən,
Yenə gözələm.
Baxmayın ki, mən qarayanızam,
Günəşdən qaralmışam,
Qardaşlarımın mənə qəzəbi tutarkən
Məni üzümlüklərinə qarovulçu qoydular.
Mən də öz üzümlüyümə baxa bilmədim.
Ey könlümün sevgilisi, söylə mənə:
Sürünü harada otarırsan?
Günorta sürünü harada yatırırsan?
Niyə sənin dostlarının sürülərinin yanında gedən,
Üz-gözünü bürüyən bir qadına bənzəyim?
Qızın rəfiqələri:
Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən,
Sürülərin izi ilə get,
Oğlaqlarını çoban çadırlarının yanında otar.
Oğlan:
Ey yarım, sən
Fironun arabalarını çəkən
Gözəl madyana bənzəyirsən.
10 Yanağına düşən bəzəklərlə,
Boynundakı daş-qaşdan olan boyunbağı ilə
Bax nə qədər gözəlsən.
11 Sənə düymələri gümüşdən
Qızıl silsilə düzəldəcəyik.
Qız:
12 Padşah süfrəsində oturarkən
Hər yanı nard çiçəyimin ətri bürüyür.
13 Mənim üçün sevgilim
Döşlərimin arasında yatan mirra kisəsidir.
14 Mənim üçün sevgilim
En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür.
Oğlan:
15 Ey yarım, nə gözəlsən, nə gözəlsən!
Göyərçin gözlüsən!
Qız:
16 Ey sevgilim, nə gözəlsən,
Sən nə qədər şirinsən!
Yaşıldır yatağımız.
Oğlan:
17 Evlərimizin dirəkləri sidr ağacındandır,
Tavanımızın oymaları şam ağacındandır.

*1:1 1Pad. 4:32