YOEL
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
Yoel peyğəmbər İsrailin üzərinə gələn çəyirtkələrin dəhşətli hücumundan və böyük quraqlıqdan danışır. Bu hadisələrdə o, Rəbbin gününü, Onun ədalətli hökmünə qarşı çıxanların cəzalandırılacağı vaxtın əlamətlərini görür. Peyğəmbər Allahın xalqını tövbəyə çağırır və Onun xalqına verdiyi xeyir-dualı vədləri yadına salır. Burada vacib fikir odur ki, Rəbb Öz Ruhunu bütün xalqın, o cümlədən qadın və kişilərin, gənc və qocaların üzərinə tökməyi vəd edir.
Kitabın məzmunu:
1:1–2:17 Çəyirtkə bəlası və tövbə çağırışı
2:18-27 Rəbbin cavabı və bərəkət vədi
2:28–3:21 Rəbbin günü
1
Məhv olmuş məhsul üçün yas
Petuelin oğlu Yoelə nazil olan Rəbbin sözü budur:
Ey ağsaqqallar, bunu dinləyin.
Ey bütün ölkə əhalisi, buna qulaq asın,
Sizin və atalarınızın dövründə
Belə bir şey olubmu?
Siz bunu övladlarınıza danışın.
Övladlarınız da öz övladlarına,
Onların övladları isə gələcək nəslə danışsın.
 
Kəsici çəyirtkələrdən qalanı qaynaşan çəyirtkə yedi,
Qaynaşan çəyirtkədən qalanı tullanan çəyirtkə yedi,
Tullanan çəyirtkədən qalanı dağıdıcı çəyirtkə yeyib-qurtardı.
 
Ayılın, ey sərxoşlar və ağlayın.
Ey şirin şərab içənlər, hamınız nalə çəkin,
Ona görə ki, şirin şərab ağzınızdan alındı.
* Vəhy 9:8 Çünki mənim torpağımın üzərinə
Qüvvətli və saysız-hesabsız bir millət gəldi.
Onların dişləri aslan dişləri kimidir,
Onlarda dişi aslanın köpək dişləri var.
Tənəyimi məhv etdi,
Əncir ağacımı gəmirdi,
Qabıqlarını tamamilə soyub yerə atdı,
Budaqları ağ qaldı.
 
Cavanlıqda nişanlısını itirən,
Büsbütün çul geyinən
Bir qız kimi yas tutun.
Rəbbin evindən
Taxıl təqdimi və içmə təqdimi kəsildi,
Rəbbə xidmət edən kahinlər yas tutur.
10 Zəmi viran qalıb, torpaq ağlayır,
Çünki taxıl zay oldu, təzə şərab qurudu,
Zeytun yağı qurtardı.
 
11 Buğda və arpaya görə
Ey əkinçilər, utanın!
Ey bağbanlar, nalə çəkin!
Çünki torpağın məhsulları yoxa çıxdı,
12 Tənək qurudu,
Əncir ağacı soldu,
Nar, xurma, alma,
Çölün bütün ağacları qurudu.
Görün ki, bəşər övladları arasından sevinc yox oldu.
Tövbəyə çağırın
13 Ey kahinlər, çul geyinərək yas tutun!
Ey qurbangah xidmətçiləri, nalə çəkin!
Ey Allahıma xidmət edənlər,
Gəlin çulda gecələyin,
Çünki Allahınızın evindən
Taxıl təqdimi və içmə təqdimi yox oldu.
14 Oruc üçün vaxt təyin edin,
Təntənəli toplantı çağırın.
Ağsaqqalları, ölkənin bütün əhalisini
Allahınız Rəbbin evinə yığın,
Rəbbə fəryad qoparın.
 
15  * Yeş. 13:6 Vay o günə!
Budur, Rəbbin o günü yaxındır,
O gün Külli-İxtiyar fəlakət gətirəcək.
16 O yemək gözlərimizin önündən,
Sevinc və şadlıq Allahımızın evindən yox olmadımı?
 
17 Torpaq kəsəkləri altında toxumlar çürüdü,
Zirzəmilər boş qaldı,
Anbarlar dağıldı,
Çünki taxıllar məhv oldu.
18 Heyvanlar necə də inildəyir,
Naxırlar çaşbaş qalıb,
Çünki onlar otlaqsız qalıb,
Sürülər də susuzluqdan əldən düşür.
 
19 Ya Rəbb, Sənə fəryad edirəm,
Çünki çölün otlaqlarını alov yandırıb-yaxdı,
Bütün düzəngahın ağacları odda qovruldu.
20 Çöl heyvanları da Səni çağırır,
Axı axar sular quruyub,
Çölün otlaqlarını alov yandırıb-yaxdı.

*1:6 Vəhy 9:8

*1:15 Yeş. 13:6