27
Yəhudanın Babilə təslim edilməsi
* 2Pad. 24:18-20; 2Saln. 36:11-13; Yer. 28:1 Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın* Sidqiyanın – bəzi ibrani əlyazmalarında, süryani və ərəb tərcümələrində belədir, əksər ibrani əlyazmalarında isə Yehoyaqimin. padşahlığının əvvəlində Rəbdən Yeremyaya bu söz nazil oldu: «Rəbb mənə belə dedi: “Özünə qayışlarla bağlanan taxta bir boyunduruq düzəlt və boynuna tax. Sonra Yerusəlimə, Yəhuda padşahı Sidqiyanın yanına gələn qasidlər vasitəsilə Edomun, Moavın, Ammon övladlarının, Surun və Sidonun padşahlarına xəbər göndər”. Ağalarına söyləmək üçün onlara bildir ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Ağalarınıza söyləyin ki, dünyanı da, yer üzündə olan insanı da, heyvanı da böyük gücümlə və uzanan qolumla Mən yaratdım və kimə istəsəm, ona da verərəm. Bəli, bütün bu ölkələri Babil padşahı qulum Navuxodonosorun ixtiyarına verirəm. Hətta vəhşi heyvanları da xidmət etmək üçün ona verirəm. Ölkəsinin axırı çatana qədər bütün millətlər ona, oğluna və nəvəsinə qulluq edəcək. Sonra isə bir çox millətlər və böyük padşahlar onu özlərinə qul edəcək.
Hansı millət və ölkə Babil padşahı Navuxodonosora qulluq etməsə, onun boyunduruğuna girməsə, həmin milləti onun əli ilə qırıb-çatana qədər qılınc, aclıq və vəba ilə cəzalandıracağam” Rəbb bəyan edir. “Siz isə öz peyğəmbərlərinizə, falçılarınıza, yuxugörənlərinizə, gələcəyideyənlərinizə və cadugərlərinizə qulaq asmayın. Onlar sizə ‹Babil padşahına qulluq etməyəcəksiniz› söyləyir. 10 Onlar sizə yalandan peyğəmbərlik edir. Bunun nəticəsində öz ölkənizdən qovulacaqsınız. Sizi sürgün edəcəyəm və məhv olacaqsınız. 11 Ancaq Babil padşahının boyunduruğuna girən və ona qulluq edən milləti öz torpağında saxlayacağam. Torpağı əkib orada yaşayacaqlar” Rəbb belə bəyan edir».
12 Mən bütün bu sözləri Yəhuda padşahı Sidqiyaya bildirib dedim: «Babil padşahının boyunduruğuna girin, özünə və xalqına qulluq edin ki, sağ qalasınız. 13 Babil padşahına qulluq etmək istəməyən hər millət Rəbbin dediyi kimi məhv olacaq. Sən və xalqın qılınc, aclıq və vəbadan nə üçün öləsiniz? 14 Sizə “Babil padşahına qulluq etməyəcəksiniz” deyən peyğəmbərlərə qulaq asmayın, çünki onlar sizə yalandan peyğəmbərlik edir. 15 Rəbb bəyan edir: “Onları Mən göndərmədim, onlar Mənim adımla yalandan peyğəmbərlik edir. Bunun nəticəsində Mən sizi sürgün edəcəyəm, siz də, sizə peyğəmbərlik edən peyğəmbərlər də həlak olacaqsınız”».
16 Mən kahinlərə və bütün bu xalqa söylədim: «Rəbb belə deyir: “‹Rəbbin məbədindən götürülən əşyalar tezliklə Babildən geri qaytarılacaq› deyib sizə peyğəmbərlik edən peyğəmbərlərinizin sözlərinə qulaq asmayın. Çünki sizə yalandan peyğəmbərlik edirlər. 17 Onlara qulaq asmayın, Babil padşahına qulluq edin ki, sağ qalasınız. Bu şəhər niyə viran olsun? 18 Əgər onlar peyğəmbərdirsə, Rəbbin sözünü söyləyirlərsə, qoy indi Ordular Rəbbinə yalvarsınlar ki, Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar Babilə aparılmasın”.
19 Sütunlar, hovuz, ayaqlıqlar və bu şəhərdə qalan başqa əşyalar barədə Ordular Rəbbi belə deyir. 20 Bəli, Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Yəhuda ilə Yerusəlimin bütün əyanlarını Yerusəlimdən Babilə sürgün etdiyi zaman Babil padşahı Navuxodonosorun aparmadığı, 21 Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar barədə İsrailin Allahı Ordular Rəbbi belə deyir: 22 “Onlar Babilə aparılacaq və Babillilərin işinə baxacağım günə qədər orada qalacaq. O zaman onları oradan çıxaracağam və bu yerə qaytaracağam” Rəbb belə bəyan edir».

*27:1 2Pad. 24:18-20; 2Saln. 36:11-13; Yer. 28:1

*27:1 Sidqiyanın – bəzi ibrani əlyazmalarında, süryani və ərəb tərcümələrində belədir, əksər ibrani əlyazmalarında isə Yehoyaqimin.