PAULUN
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
GİRİŞ
İsa Məsihin ikinci gəlişi ilə əlaqədar Salonik imanlı cəmiyyətində yenə də narahatlıqlar davam edirdi. Saloniklilərdə belə bir fikir var idi ki, Rəbbin günü artıq gəlib.
Paul bu fikrə düzgün istiqamət verərək yazır ki, Məsihin zühurundan öncə şər və pislik kulminasiya nöqtəsinə çatacaq. Bu, müəmmalı olan şəxsin, «həlak edilməli qanunsuz adam»ın (2:3) rəhbərliyi altında baş verəcək. Bu şəxs Məsihin əleyhdarı olacaq.
Həvari vurğulayır ki, imanlılar əzab-əziyyət və çətinliklərə baxmayaraq, imanda möhkəm durmalı, özlərini dolandırmaq üçün Paul və onun əməkdaşları kimi işləyib yaxşı əməllərini davam etdirməlidirlər.
Məktubun məzmunu:
1:1-12 Salamlar və minnətdarlıq
2:1-17 Məsihin zühuruna aid təlimat
3:1-15 Məsihçi davranışına aid öyüd-nəsihət
3:16-18 Xudahafizləşmə
1
* Həv. 17:1Paul, Sila və Timoteydən Atamız Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
Hökm günü
Qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik və belə etməyimiz yerinə düşər, çünki imanınız artdıqca artır və hamınızın bir-birinizə olan məhəbbəti çoxalır. Bunun üçün tab gətirdiyiniz bütün təqiblərə, əziyyətlər zamanı dözümünüzə və imanınıza görə Allahın cəmiyyətlərində sizinlə özümüz də fəxr edirik.
Bu şeylər Allahın ədalətli hökmünün əlamətidir ki, nəticədə uğrunda indi əzab çəkdiyiniz Allahın Padşahlığına layiq sayılasınız. Çünki Allahın hüzurunda haqq olan işdir ki, sizə əziyyət verənlərə əziyyət, əziyyət çəkən sizlərə isə bunun əvəzində bizimlə birlikdə rahatlıq veriləcək. Bu, Rəbb İsanın qüdrətli mələkləri ilə od-alov içərisində göydən zühur etdiyi zaman olacaq. O zaman Rəbbimiz İsa Allahı tanımayanlardan və Özü barədə olan Müjdəyə itaət etməyənlərdən qisas alacaq. Onlara Rəbbin hüzurundan və qüdrətinin izzətindən məhrum qalıb əbədi olaraq məhv edilmə cəzası veriləcək. 10 Bunlar Rəbbin Öz müqəddəsləri arasında izzət qazanmaq və bütün imanlıları heyrətə gətirmək üçün gəldiyi gün baş verəcək. Siz də belə imanlılardansınız, çünki etdiyimiz şəhadətə inandınız. 11 Buna görə sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz çağırışına layiq görsün, hər yaxşı niyyətinizi və imandan asılı hər əməlinizi Öz qüdrəti ilə yerinə yetirsin. 12 Belə ki Allahımızın və Rəbb İsa Məsihin lütfünə görə Rəbbimiz İsanın adı sizdə izzət qazansın və siz də Onda izzət qazanasınız.

*1:1 Həv. 17:1